Aprel 2017 – Azərbaycanda kənd təsərrüfatı sahibkarlarının böyük əksəriyyəti kişilərdir. Lakin, sahibkarların əksəriyyəti kişilər olsa da, bu sektorda işlərin əksər hissəsini təşkil edən tarla işində və məhsul yığımında işləyənlər əsasən qadınlardır. Xoşbəxtlikdən, kənd təsərrüfatı sektoru böyüdükcə, qadınlar üçün yeni imkanlar yaranır.
Nümunə kimi Azərbaycanın şimal-qərbində fındıq istehsalı və emalı biznesini göstərmək olar. Zaqataladakı Azfem fındıq emalı müəssisəsi Kəmalə Haqverdiyeva və onun həyat yoldaşı Vüqara məxsusdur. Onlar, eyni zamanda, Zaqatalanın cənubunda yerləşən Qax rayonunda təxminən 40 il əvvəl əsası qoyulan fındıq bağının sahibidirlər. Emal müəssisəsi 1996-cı ildə yaradılıb və illik təxminən 300 ton fındıq ləpəsinin emalı gücünə malikdir. Bütün emal olunan məhsulların 90%-dən çoxu Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyinə ixrac edilir.
Bölgələrdə yaşayan bir çox azərbaycanlı qadınlar kimi, Kəmalə gənc (21 yaşında) ailə quraraq, heç vaxt ali təhsil almamış və işləməyi düşünməmişdir. Azfem müəssisəsi böyüdükçə, köməkçi aşpaz və xadiməçi kimi işə başlamış, habelə getdikcə daha çox öhdəliklər üzərinə götürmüşdür.
Kəmalə biznesə qoşulduqdan sonra həyatının necə dəyişdiyini təsvir edir: “Həyat yoldaşımın müəssisəsində çalışmaq mənim fərd olaraq inkişafıma və idarətmə təcrübəmin olmamasına rəğmən, əslində, evdən kənarda da uğurla işləməyi bacardığımı anlamaqda kömək etdi.”
USAID 2014-cü ildə Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində Haqverdiyevlər ailəsi ilə işləməyə başladıqda, Kəmalə o zaman hələ tam ştatlı işçi deyildi. USAID ağac və torpaq məhsuldarlığını artırmaq üçün yeni üsulları öyrədərək, su istehlakını hədəf alan avadanlıqlar bağışlayaraq, istifadə olunan gübrənin daha da məhsuldar olmasına köməklik göstərərək bağı canlandırmağa yardımçı oldu.
Təəssüf ki, keçən il davam edən qeyri-sabit hava şəraiti, təxminən iki ildən bir baş verən dövri fındıq azlığı ilə üst-üstə düşdü. Lakin buna baxmayaraq, USAID Vüqara azalmanın ötən ilin məhsuldarlığı ilə müqayisədə 15% səviyyəsində saxlamağa dəstək oldu. Məhsuldarlığın azalması qonşu bağlarda 50%-60% olmuşdur. Bu il daha çox məhsul yığımı gözlənilir.
USAID Haqverdiyevlər ailəsi kimi məhsullarını sahədən son məhsula çevirənədək fermerlərə kömək etməyə hazırdır. Emal cəhətdən, USAID Kəmalə və Vüqara avtomat çeşidləmə maşınının alınması üçün kiçik bir qrant təqdim etdi. Əl ilə çeşidləmədən fərqli olaraq bu avtomatlaşmış qurğu aşağı keyfiyyətli fındıqların alıcılara çatmasının qarşısını ala biləcək. Yüksək keyfiyyətli məhsul şirkətə xarici alıcıların tələblərinə cavab verməyə kömək edərək, nəticədə satışları 25%-dək artıra bilər.
Bundan əlavə, Kəmalənin biznesdə rolu artıb. O, son iki il ərzində bütün əməliyyatlarda, o cümlədən, digər fermerlərdən fındıqların alınması, xarici idxal üçün çeşidlənmə, işçi heyətinin əmək haqlarına nəzarət və məhsul keyfiyyətinin yoxlanış komandasının üzvü kimi işlərdə tam-ştatla fəaliyyət göstərir. Kəmalə, həmçinin, həyat yoldaşının uzaqda olduğu zaman, biznesin ümumi idarəçiliyini də öz üzərinə götürür.
“Kəmalə mənim üçün işdə böyük köməkdir” – Vüqar deyir. “Bu fürsət (əməliyyatlar üzrə menecer olmaq) onu peşəkarçasına inkişaf etdirmiş və onun daha öncə aşkarlanmayan bacarıq və istedadlarını üzə çıxarmışdır.”
Kəmalə Azərbaycanda kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən çox qadından biridir ki, şans verildikdə, kişi həmkarları kimi idarəetmə bacarığını üzə çıxarmağa hazırdır. O, yalnız fərdi uğur hekayəsi deyil, eyni zamanda, kənd təsərrüfatı sahəsindəki digər iddialı iş qadınları üçün də nümunədir.
2014-2018-ci illəri əhatə edən “Azərbaycanda Kənd Təsərrüfatına Dəstək” layihəsi kənd təsərrüfatı məhsullarının keyfiyyəti və miqdarını artırmaqla, ölkənin iqtisadiyyatını gücləndirmək üçün nəzərdə tutulub. Təxminən 1500 nəfər kənd təsərrüfatı məhsuldarlığı sahəsində təlim almış, qabaqcıl müəssisələr inkişaf etmiş təcrübələri qəbul etmiş, və 1200 hektarlıq sahəyə təsir göstərən 3 milyon dollarlıq dəyərində resurslar sözügedən sahənin inkişafına investisiya olunmuşdur. Bundan əlavə, layihə beynəlxalq standartlara uyğun təkmilləşmə, yeni bazarların müəyyənləşdirilməsi və xarici əlaqələrin qurulması vasitəsi ilə kənd təsərrüfatı ixracının 18 milyon dollarlıq artımına köməklik göstərmişdir.
LINKS
Follow on Facebook
,“Həyat yoldaşımın müəssisəsində çalışmaq... idarəetmə təcrübəmin olmamasına rəğmən, əslində, evdən kənarda da uğurla işləməyi bacardığımı anlamaqda mənə kömək etdi.”