İyul 2018 — Gülnarənin* problemləri həyat yoldaşı onu tərk edərək 12 yaşlı qızlarına təkcə baxmağa məcbur olduğu zaman başladı. Əlində yalnız orta məktəb diplomu olan tənha ana kimi o, evlərdə xadimə işləyərək təsadüfi işlərlə məşğul olurdu.
Əvvəlcə, Gülnarə özünə və qızına çatacaq qədər pul qazana bilirdi, lakin sonra onun atası ciddi xəstəliyə düçar oldu. Müalicə onun aylıq gəlirindən daha çox xərc tələb edirdi.
Daha yaxşı məvacibli iş axtararkən Gülnarəyə Türkiyədə evdar köməkçi kimi iş imkanı təklif olundu – vəd olunan maaş qızına baxmağa və atasının müalicəsinə kifayət edəcəkdi. İş təklifinin real olduğuna inanaraq o, qızını bacısı ilə qoyaraq Türkiyəyə üz tutdu.
Gəlib çatdıqda Gülnarə gözlədiyindən fərqli bir reallıqla üzləşdi. Vəd olunan iş yerinə aparmaq əvəzinə Türkiyədəki əlaqələndirici şəxs ölkədən qaçışının qarşısını almaq üçün onun pasportunu əlindən alır və fahişəliyə məcbur edir.
Beynəlxalq Miqrasiya Təşkilatının 2018-ci il üzrə Ümumdünya Miqrasiya Hesabatına əsasən cinsi istismar insan alverinin ən çox yayılmış formasıdır. Azərbaycan Daxili İşlər Nazirliyinin statistik məlumatına əsasən Azərbaycan bu baxımdan istisna deyil – insan alveri ilə bağlı təqib edilmiş cinayətlərin hər üçündən ikisi cinsi istismarla əlaqədardır.
Bir il cinsi istismardan sonra Gülnarə dostunun köməyi ilə onu əsarətdə saxlayanlardan qaçmağı bacardı. Azərbaycana qayıtdıqdan sonra hökumət orqanları mütəşəkkil kriminal qrupu müəyyən etdi və Gülnarənin məhkəmədə cəsarətli ifadəsinin köməyi ilə onları məsuliyyətə cəlb etdi.
Lakin insan alveri qurbanlarının cəmiyyətdə damğalarla üzləşdiyi səbəbdən Gülnarə öz ailəsinə və ya icmasına qayıda bilmirdi. Azərbaycanın İnsan Alveri ilə Mübarizə İdarəsinin əməkdaşları yerli vətəndaş cəmiyyətinin nəzdində bir sığınacağa yönəltdi.
Həmin sığınacaq Azərbaycanın insan alveri ilə mübarizə səyylərinə dəstək göstərən, USAID-in maliyyələşdirdiyi və Beynəlxalq Miqrasiya Təşkilatının icra etdiyi layihənin bir hissəsidir. Sığınacaqda Gülnarəyə psixoloji, tibbi və hüquqi yardım göstərildi. Yavaş-yavaş sığınacağın işçiləri və xidmətlərinin köməyi ilə o, cəmiyyətə yenidən qayıtmaq üçün özünə inam və ləyaqəti bərpa etdi.
“Sığınacaq daha yaxşı gələcək üçün mənim ümid yerim oldu. Burada mən təkcə maddi dəstək yox, həm də möhkəm olmaq üçün mənəvi dəstək aldım,” Gülnarə qeyd edib.
Sığınacaq əməkdaşlarının məsləhəti ilə Gülnarə uşaqlar üçün əyləncə tədbirlərində çıxış edən aktyorlar truppasına qoşuldu. O, artıq iki ildir ki həmin qrupla bərabərdir və öz işində inkişaf etməkdədir. Uşaqlara sevinc və əyləncə bəxş etmək onu daha da ruhlandırır.
“Sığınacaq mənə gülməyi öyrətdi və onların işi məni digərlərini gülməyə kömək etməyə ruhlandırdı,” deyə o, söyləyir.
2015-ci ildən USAID Azərbaycanda üç vətəndaş cəmiyyəti sığınacaqlara dəstək göstərərək həssas qadın və uşaqlara, habelə məişət zorakılığı, istismar və insan alveri qurbanlarına köməklik edib. Qalmaq yerindən əlavə sığınacaqlar qadın və uşaqları psixoloji, tibbi və hüquqi yardımla təmin edir ki, bununla da onlara həyatlarını bərpa etməyə və cəmiyyətə qayıtmağa kömək edir. 2015-ci ilin oktyabrından 2018-ci ilin martınadək layihənin dəstəklədiyi üç sığınacaq 100-dən çox təsdiq olunmuş və ehtimal edilən insan alveri qurbanlrına, habelə 1000-dən çox insan alverinin təsiri altına düşə biləcək insana birbaşa yardıb ediblər.
2001-ci ildən USAID 70-dən çox ölkə və regionda insan alveri ilə mübarizə proqramlarına dəstək göstərib. Şərqi Avropa və Avrasiya regionunda əsas səylər Balkan ölkələrində və Şərqi Avropada, habelə keçmiş Sovetlər Birliyinin hədəf ölkələrində, o cümlədən Ukrayna, Belarus, Moldova, Bosniya və Azərbaycanda insan alverinin qarşısın alınması və qurbanlara yardıma yönəlib.
*Şərti addır.
LINKS
Follow on Facebook, on YouTube
,"Burada mən təkcə maddi dəstək yox, həm də möhkəm olmaq üçün mənəvi dəstək aldım.”