Dil

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda üç səyyar klinikanın təhvil verilməsində iştirak edib. Həmin səyyar klinikalar ucqar və həssas icmalarda mühüm səhiyyə xidmətləri göstərəcəklər. Səyyar klinikalar Şamaxı və onun ətraf kəndlərində hər il minlərlə insana xidmət edərək qarşısı alına biləcək xəstəkliklərin erkən diaqnozuna, ucqar yerlərdə müalicənin əlçatanlığına və həyatları xilas etməyə kömək edəcək. Səyyar klinikalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin icra etdiyi PROACT-Qayğı layihəsi çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə alınıb.
 
Səfər zamanı səfir Litzenberger həmçinin elan etdi ki, Amerika Birləşmiş Ştatları USAID vasitəsilə Azərbaycan hökumətinin COVID-19 pandemiyası ilə mübarizə səylərinə dəstək məqsədilə əlavə 1 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.

Sözügedən əlavə vəsait Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Beynəlxalq Qızıl Xac və Qızıl Ayrapa Cəmiyyətləri Federasiyasına (BQXQAC) verilib. ÜST hal-hazırda davam edən PROACT-Qayğı layihəsini genişləndirərək ilkin səhiyyə xidmətləri müəssisələrində infeksiyaların qarşısı alınması səylərini təkmilləşdirəcək və onlar tərəfindən əsas səhiyyə xidmətlərinin davamlı göstərilməsi bacarıqlarını artıracaq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq şəraitində BQXQAC koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həssas icmalarda infeksiyaların qarşısı alınması təcrübələrinin aşılanmasına kömək edəcək, habelə pandemiyanın səbəb olduğu çətinliklərin öhdəsindən gəlmək üçün pxisoloji yardım göstərəcək. 

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bəyan edib ki, “Amerika Birləşmiş Ştatları çətin dövrlə üzləşdiyimiz bir zamanda Azərbaycana davamlı dəstək göstərməkdə sadiq qalır. Yalnız əl-ələ çalışmaqla biz COVID-19-a qalib gələ bilərik.” 

Həmin əlavə vəsait də daxil olmaqla Amerika Birləşmiş Ştatları COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 6,6 milyon dollar vəsait ayırıb. Bu vəsait 1,300 səhiyyə işçisinin təliminə; Bakı və bölgələrdə 16,000-dən çox ailədən təqribən 80,000 şəxsə qida və gigiyenik əşyalardan ibarət yardım; habelə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə preventiv tədbirlərə dair 3 milyondan artıq insanı əhatə edən geniş kommunikasiya tədbirlərinə ayrılıb.

Son iyirmi il ərzində ABŞ qlobal səhiyyə tədbirlərinə 140 milyon ABŞ dollarından artıq yardım ayırıb. USAID-in pandemiya ilə mübarizə səyləri haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun https://www.usaid.gov/coronavirus.

Image
ABŞ Azərbaycanda COVID-19-la Mübarizə Tədbirləri üçün Əlavə 1 Milyon ABŞ Dolları Ayırıb
Səyyar klinikalar ucqar və həssas icmalarda mühüm səhiyyə xidmətləri göstərəcəklər.
Vugar Naghiyev/USAID