Dil

Azərbaycandakı Amerika Birləşmiş Ştatları və İsrail səfirlikləri ölkənin kənd təsərrüfatı potensialını inkişaf etdirmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə innovativ əməkdaşlığı məmnunluqla elan edirlər. Layihə çərçivəsində universitetin Gəncə yaxınlığında yerləşən elmi-tədqiqat kompleksində alma, albalı, nektarin, gavalı və nar sahəsində XXI-ci əsrin istehsal təcrübələrini özündə əks etdirəcək beş nümayiş sahəsi salınacaq. 

Bu nümunəvi sahələr ən son ABŞ və İsrail texnologiyalarını və təcrübələrini nümayiş etdirəcək və müasir intensiv becərmə üsullarının tədris platforması olmaqla yanaşı Azərbaycanda yüksək keyfiyyətli meyvələrin səmərəli istehsalında yardımçı olmaq üçün universitetin bacarıqlarını artıracaq. Layihə Azərbaycan fermerlərinə ixracatlarını və gəlirlərini artırmağa kömək edəcək. 

“Hər ikisi XXI-ci əsrdə kənd təsərrüfatında lider olan ABŞ və İsrail bu mühüm layihə çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunun rəqabətliliyinə dəstək məqsədilə ADAU-nun bizimlə tərəfdaşlığından çox məmnundur. Ənənəvi bağlardan fərqli olaraq intensiv bağlar daha məhsuldar, ətraf mühitə az ziyan verən və gəlirli olurlar. Bu yeni layihə Azərbaycan fermerlərinə, istehsalçılarına və aqronomlarına daha az su istifadə edərək daha çox meyvə yetişdirməyə kömək edəcək, bu isə daha çox satış və ixracla nəticələnəcək,” deyə ABŞ səfiri Litzenberger və İsrail səfiri Dik birgə bəyanatda qeyd ediblər.

Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi və Beynəxalq Əməkdaşlıq Agentliyi (MASHAV) vasitəsilə Azərbaycandakı İsrail səfirliyi tərəfindən birgə maliyyələşdiriləcək və ADAU ilə əməkdaşlıq şəklində USAID-in Özəl Sektorun İnkişafı layihəsi və MASHAV tərəfindən icra ediləcək. Tərəfdaşlar Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və bölgələrdə gəlirlərin artırılması, eyni zamanda daha möhkəm və dayanıqlı icmalar qurmaq istiqamətində birgə məqsədə töhvə verəcəklər.

Image
Qubada intensiv alma bağı
Qubada intensiv alma bağı
CNFA