BAKI – Azərbaycanda qadınların iqtisadi səlahiyyətlərinin artırılması səylərinin bir hissəsi olaraq, noyabrın 18-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) dəstəyi ilə “Qadınların Milli Biznes Konfransı/Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı tədbirə ortaq ev sahibliyi edib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən konfransda qadınların sahibkarlıq fəaliyyətindəki çətinliklər müzakirə edilib, maneələrin aradan qaldırılması və qadınların sahibkarlıqda rolunun artırılması yolları araşdırılıb.
Qadın təşkilatları, biznes assosiasiyaları və fərdi qadın sahibkarların daxil olduğu konfransda 70-dən çox iştirakçı iştirak edib. İştirakçılar və çıxışçılar Azərbaycanda qadın sahibkarlığını müzakirə edib, qadınlara öz potensiallarını həyata keçirmək üçün daha çox yer və fürsətlər yaratmaq üçün nələrin dəyişdirilməli olduğu barədə fikir mübadiləsi aparıblar. Bu müzakirələr USAID-in Özəl Sektorun İnkişafına Dəstək (PSA) layihəsi tərəfindən dəstəklənən Qadınların Milli Biznes Gündəliyi təşəbbüsünü dəstəkləyən biznes assosiasiyalarının liderləri tərəfindən aparılıb.
Konfransda qadınların səlahiyyətlərinin artırılması barədə iki beynəlxalq təşəbbüşçüsü çıxış edib: Banqladeş parlamentinin üzvü və Banqladeş Qadın Ticarət və Sənaye Palatasının təsisçisi Selima Əhməd; və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının keçmiş vitse-prezidenti Masooma Sibtain. İki öndəgedən lider iştirakçılara öz ölkələrində qadın sahibkarlığının təşviqi üzrə uğurlu səyləri barədə məlumat veriblər, qadınların iqtisadi səlahiyyətlərinin artırılması imkanlarının genişləndirilməsi üçün tövsiyələr bölüşüb və qadınlar üçün əlverişli biznes mühitinin necə yaradılması barədə ətraflı izahat veriblər.
USAID-in Missiya Direktoru Dr. Cey Sinqxin sözlərinə görə, “Biz inanırıq ki, özəl sektorda güclü, müxtəlif formalarda və etibarlı səsi olan qadınlar öz ehtiyaclarını və perspektivlərini qadınların səlahiyyətlərinin artırılmasına yönəlmiş kollektiv səylərlə birləşəcəklər. Bu qadınlar iqtisadi sektorda tam iştiraklarını məhdudlaşdıran maneələrə qarşı effektiv müdafiəçi olacaqlar”.
KOBİA-nın sədri Orxan Məmmədovun söylədiyi kimi, “Qadınların ölkə iqtisadiyyatında, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolu, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. KOBİA-nın fəaliyyətində qadın sahibkarlığının inkişafı prioritet istiqamətlərdəndir. Agentlik tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. KOBİA yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosasiyası aktiv şəkildə təmsil olunur.”
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının prezidenti Səkinə Babayeva deyib: “Assosiasiya kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirməklə Azərbaycanda sahibkarlığın inkişafına öz töhfəsini verib. Məqsədimiz qadınları bu işlərlə daha çox məşğul olmağa həvəsləndirməkdir.”