Dil

BAKI - 14-20 noyabr tarixlərində qeyd olunan Qlobal Sahibkarlıq Həftəsi də öz biznes və innovativ sahibkarlıq fəaliyyəti ilə iqtisadiyyatı genişləndirən və şaxələndirən qadın sahibkarlar üçün mühüm hadisədir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) dünyada və Azərbaycanda qadın sahibkarlığının təşviqi və qadın işçi qüvvəsinin dəstəklənməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Azərbaycanda USAID Özəl Sektorun İnkişafı Layihəsi  çərçivəsində biznes assosiasiyaları və təşkilat rəhbərlərindən ibarət İdarəetmə Komitəsinin yaxından iştirakı ilə Qadınların Milli Biznes Gündəliyi tövsiyə sənədini hazırlayıb və noyabrın əvvəlində bu tövsiyə sənədini ictimaiyyətə təqdim edərək icrasına başlayıb. Qadınların Milli Biznes Gündəliyi milli miqyasda bir illik dövr ərzində mindən çox üzvü təmsil edən səkkiz təşkilatın töhfələrini əks etdirən mühüm sənəddir və növbəti ildə aparılacaq ictimai vəkilliyin əsasını təşkil edəcək.

“Qadınlar dəyişikliyin vacib amilidir. Qadın sahibkarların potensialından istifadə Azərbaycanın dayanıqlı və inklüziv inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək. Qadın sahibkarlara dəstək təkcə sosial baxımdan deyil, həm də iqtisadi baxımdan vacibdir. Daha çox gender bərabərliyinə nail olmaq əmək bazarının yaxşılaşdırılması üçün xüsusilə vacibdir. Sahibkarlıq həm də qadınların iqtisadi müstəqilliyini artırmaq üçün mühüm fürsətdir”, - deyə USAID-in Azərbaycan üzrə missiya direktoru Maykl Nirbas qeyd edib.

Qadınların Milli Biznes Gündəliyi inklüziv iqtisadi artım və qadınların iqtisadi gücləndirilməsi məqsədlərinə nail olmaq üçün bir sıra siyasət həllərini əhatə edir. Qadınların Milli Biznes Gündəliyi qadınlar üçün əlverişli biznes mühitinin yaradılması və iş yerlərində üzləşdikləri problemlərin aradan qaldırılması üzrə 3 istiqamətdə konkret tövsiyə və siyasət həlləri təklif edir: sahibkar qadınlara dəstək; işçi qüvvəsində qadınlara dəstək; gender aspektlərini nəzərə alan dəstək mexanizmlərinin işlənib hazırlanması. Qadınların Milli Biznes Gündəliyində irəli sürülən bu tövsiyələr yalnız qadın menecerlərə və qadın sahibkarlara biznes fəaliyyətlərində uğur qazanmağa deyil, həm də daha geniş biznes ictimaiyyətinə və hökumətə kömək edəcəkdir.

Qadınların Milli Biznes Gündəliyi tövsiyə sənədi dövlət və özəl sektor arasında dialoqu gücləndirərək qadın sahibkarlığı və məşğulluğuna maneələrin azaldılmasına töhfə verəcək və Azərbaycan hökumətinə qadın sahibkarlığı üçün iqtisadi islahat gündəliyini hazırlayarkən dəyərli tövsiyələr verəcəkdir.

USAID qadınların iqtisadi gücləndirilməsini davamlı şəkildə dəstəkləməkdən qürur duyur, Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində bir daha qadınların iqtisadiyyatın aparıcı qüvvəsi olduğunu vurğulayır.

Image
Qadın biznes assosiasiyaları və təşkilat rəhbərləri Qadınların Milli Biznes Gündəliyini müzakirə edir.
Qadın biznes assosiasiyaları və təşkilat rəhbərləri Qadınların Milli Biznes Gündəliyini müzakirə edir.
Aziz Karimov for USAID